Yan 09, 2021 17:22 Asia/Baku
  • Azərbaycan qazı artıq Qərbi Avropaya nəql olunur

ABŞ-ın Forbes Jurnalı TAP və TANAP qaz boru kəmərləri vasitəsilə Azərbaycan qazının Avropaya nəqlini Rusiya üçün pis bir xəbər adlandırıb.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Jurnalist Ariel Koen-in yazdığı məqalədə deyilir: Uzun zamandır gözlənilən “Cənub Qaz Dəhlizi” layihəsi 2020-ci ilin son günündə rəsmi olaraq işə düşüb. Bununla da “Şahdəniz” yatağından hasil olunan kommersiya məqsədli qaz ilk dəfə İtaliyanın Adriatik dənizi sahilindəki Melenduqno məntəqəsinə çatdırılıb.

Azərbaycan Respublikasının hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılacağını 2013-cü ildə elan etmişdi. Elə o vaxtdan “Cənub Qaz Dəhlizi” Rusiya neftilə yanaşı, həm də qazından asılı olan Avropanın enerji mənbələrini şaxələndirəcək layihə kimi təqdim olunurdu.

2020-ci ilin birinci rübündə Avropa İttifaqına (Aİ) tədarük edilmiş qazın 40%-i, xam neftin isə təxminən 30%-i məhz Rusiyanın payına düşüb. İndi, növbəti 25 ildə Avropa ölkələrinə “Cənub Qaz Dəhlizi”nin TAP kəməri vasitəsilə ildə 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bunun 8 milyard kubmetri İtaliyanın, təxminən 2 milyard kubmetri isə Yunanıstanla Bolqarıstanın payına düşür. Yerdə qalan həcmin yaxın bazarlara tədarükü nəzərdə tutulur. Bu isə Avropa Birliyinin qaz mənbələrinin şaxələndirilməsi baxımından mühüm addımdır.

Doğrudur, “Cənub Qaz Dəhlizi”nin seqmentləri ətrafında müəyyən narahatlıqlar var. Bu gün cərəyan edən geosiyasi proseslər göstərir ki, Rusiya vacib siyasi “iplər”i öz əlində saxlayır. Məsələn, Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması məhz Rusiyanın vasitəçiliyi ilə imzalanıb. Demək, Moskva ehtiyac duyduğu anda bu “iplər”i çəkə bilər.

Bir sözlə, “Cənub Qaz Dəhlizi” Aİ-yə qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm layihə hesab olunur. Amma bizim təhlilimiz hələ ki Yunanıstan, İtaliya və Balkan ölkələrinin hüdudlarından kənara çıxmayıb. Demək, hələ söhbət Qərbi Avropa ölkələri üçün yaranmış perspektivlərdən getmir. Bu halda hələ uzun müddət Rusiya qazı regionda ənənəvi hakim oyunçu olaraq qalacaq. Bubunla belə Cənub Qaz Dəhlizi”ni xüsusilə Cənub-Şərqi Avropa ölkələri üçün maraqlı olduğunu söyləyə bilərik.

Teqlər