Mart 12, 2021 10:15 Asia/Baku
  • “Regionda daha yaxşı vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq”

“Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar”.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki,  bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, azad olunmuş ərazilərdə şəhərlər dağıdılıb, kəndlər dağıdılıb:

“Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var”.

"Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nədən ibarət olmasının kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdaşlığımızın praktiki addımlarını daha geniş müzakirə edəcəyik”, - prezident İlham Əliyev əlavə edib. 

Teqlər