Lavrovla görüşdə bəyan edildi
İ.Əliyev: “Revanşizm qoxusu verən bəyanatlar Ermənistan üçün təhlükəlidir”
Azərbaycan Respublikasının Prezidenti Rusiya Federasiyasının xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev mayın 10-da keçirilən görüş zamanı Ermənistandakı anti-Azərbaycan meyillərinə toxunaraq deyib: “Ermənistanda anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq”.
Onun sözlərinə görə, qonşu ölkədə baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir.
Dövlət başçısı qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan tərəfi müharibənin yekunlarına əsasən bütün hərbi əsirləri təhvil verib. Həmçinin hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədləri erməni tərəfə təhvil verilmişdir. Halbuki Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədi Azərbaycana qaytarılmayıb, belə hərbi qulluqçuların sayı isə 4 minə yaxındır.