Azərbaycan üçün ikiqat bayram
Sabah Şuşada bayram namazı qılınacaq
29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.
SəhərAzəri Bakı Media Mərkəzinə istinadən xəbər verir ki, Qarabağın mirvarisı Şuşa şəhərində baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazı mayın 13-ü saat 09:00-da yerli telekanallar vasitəsilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə yəni noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı.
Şuşa Azərbaycan əsgərinin peşəkarlığı, onun gücü və qüdrəti nəticəsində düşmən tapdağından azad edilib. Azərbaycan hərbçiləri dağlardan, meşələrdən, dərələrdən, sıldırım qayalardan keçərək Şuşanı azad ediblər.
Bu şanlı qələbədə inanc əhlinin isə böyük payı olmuşdur Və Şuşa məscidindən azad səsinin ucalması həm Azərbaycan xalqını, həm də bütün digər müsəlmanları sevindirmişdir.
ICESCO-nun baş katibi yanvarın 14-də Bakıda olarkən təklif edib ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunsun. Bununla belə Azərbaycan Respublikasının prezident İlham Əliyev mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.