“Türkiyə yalnız söyüş verir!”
Deputat Fazil Mustafa Türkiyənin Fələstin siyasətinə irad tutdu-ÖZƏL
Azərbaycan Milli Məclisinin üzvü, deputat Fazil Mustafa Axar.az-da dərc olunan məqaləsində Türkiyə Cümhuriyyətinin sionist İsrail rejimi ilə bağlı mövqeyini kəskin şəkildə tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, deputat öz məqaləsində fikirlərini əsaslandırmağa çalışıb. O yazır ki, Türkiyənin gündəmə gətirdiyi “İsraili durdurmaq” çağırışları uzaqdan səslənən söyüşdən və təsəllidən başqa bir işə yaramamaqdadır. İsrail özü durmayınca, durduracaq güc isə hələ ki, üfüqdə görünmür.
Siyasətçi sonra Türkiyəni münaqişəni körükləməkdə ittiham edib. “Məsələni oradan-buradan qızışdırmaqla deyil, gedən can fələstinlinin canıdır, onu qeyri-bərabər savaşın qurbanına çevirməklə nə Qüdsün, nə də Məscidi-Əqsanın taleyində bir dəyişiklik etmək mümkündür”-deyə millət vəkili vurğulayıb.
Fazil Mustafa öz məqaləsinin davamında Azərbaycandakı Fələstin tərəfdarlarına İsrail rejimini ifşa etmələri ilə bağlı xəbərdarlıq edib və bildirib: “Biz İsraillə yəhudi dövləti kimi deyil, bizə dəstək verən, yeni texnologiya silahlarını satan və savaşda qalib gəlməmizdə rolu olan bir dövlət kimi baxırıqsa və buna görə dost dövlət hesab ediriksə, qafası qonşu ölkələrdən idarə olunanların məqsədyönlü təbliğatına alət olanlar bir daha bu mövzuda ciddi düşünməlidirlər.”
Məqalənin sonunda müsəlmanlara sionistlərin işğalı faktı ilə barışmaları tövsiyə olunur. “İndiyədək Fələstin məsələsi ilə bağlı onlarla qətnamə qəbul edilib, bircə bəndini belə reallaşdıra bilməyiblər. On minlərlə insanın evsiz-eşiksiz qalması, yüzlərlə insanın ölümü insan olaraq içimizi sızladır, ancaq əlimizdən gələn bir iş də yox”- deyə deputat öz fikirlərini yekunlaşdırıb.