May 25, 2021 19:43 Asia/Baku
  • İranın Cənubi Qafqazda həlledici rolu təsdiqlənir - ANALİZ

İran-Azərbaycan əlaqələrinin inkişafı yüksək həddə çatıbdır, buna xələl gətirmək mümkün deyil.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbulu zamanı pandemiya dövrünə rəğmən iki ölkə arasında ticarət dövriyyəsində artım olduğunu müsbət qiymətləndirib və iki ölkə rəhbərlərinin bütün qərarlarının həyata keçirildiyini vurğulayıb.

İlham əliyev deyib: Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir.

İran İslam Respublikasının xarici işlər naziri isə tarixi Azərbaycan torpaqlarının azad edilməsi münasibəti ilə Azərbaycan Respublikası prezidentini təbrik edərək deyib: “Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik, Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına köməklik göstərmək üçün hazırıq.

İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən və bütün ərazilərin bu ölkəyə qaytarılmasına çağıran İran rəhbərliyi hesab edir ki, sərhədlərin toxunulmazlığı və ölkələrin ərazi bütölüyünə hörmət çərçivəsində Cənubi Qafqazda davamlı sülhün bərqərarı üçün yeni imkanlar yaranıb və bu imkanlardan bəhrələnməklə 3+3 formatında regional əlaqələrin inkişafına nail olmaq mümkündür. Belə ki, kənar qüvvələrin müdaxiləsindən uzaq 3 Cənubi Qafqaz ölkəsi və onların yaxın qonşuları olan İran İslam Respublikası, Rusiya və Türkiyənin əməkdaşlığı bu gün vacib məsələlərdən biridir. Və məhz bu əməkdaşlıq sayəsində hər cür münaqişəni önləmək mümkündür. 

Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında 10 noyabrda imzalanmış üçtərəfli razılaşma əsasında müharibə vəziyyətinə son qoyulsa da, sərhədlərin demarkasiyası və delimitasiyası kimi mövzular, eləcə də Ermənistanın Zəngəzur rayonundan Azərbaycana tranzit dəhlizinin verilməsi üstündə yaranmış problemlər iki qonşu ölkə arasında ən azı soyuq savaşın cərəyan etdiyinə dəlalət edir. Şübhəsiz ki, mövcud ixtilaflar etimadsızlıq atmosferinin davam etməsinə və ABŞ ilə Fransa kimi dövlətlərin müdaxiləsinə yol açır. Ona görə də öz sərhədlərinin kənarında gərginliyin artmasını istəməyən İran İslam Respublikası bütün məsələlərin dinc yolla tənzimlənməsini qarşıya məqsəd qoyaraq bunun üçün əlindən gələni edir. Bunun kənarında İran dövləti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərinin həyata keçirilməsində rol oynamağa hazırdırsa, bunun özü də Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərarına xidmət edir.

Rəsmi Tehranın belə bir təşəbbüslə çıxış etməsi və istər müharibə vaxtı sərgilədiyi konstruktiv mövqe, istərsə də post-müharibə dövrü üçün irəli sürdüyü təklifləri Azərbaycan tərəfindən müsbət qarşılanır və İlham Əliyevin İranın baş diplomatı ilə görüşdə işlətdiyi ifadə bunun göstəricisidir. Bu mənada hansısa üçüncü qüvvənin Azərbaycanı İrandan çəkindirmək cəhdləri qətiyyən fiaskoya uğrayacaqdır.  

Yeri gəlmişkən bildirək ki, mayın 21-də Azərbaycan prezidentinin iştirakı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən müzakirələr zamanı həmin üçüncü qüvvələrdən biri, sionist İsrail rejiminin keçmiş baş naziri Ehud Barak-ın İranla bağlı verdiyi suala Azərbaycan prezidentinin cavabı olduqca düşündürücüdür. “İranla sərhədin 132 kilometri bərpa olunub və əlbəttə, bu, yeni imkanlar açır. Ümid edirik ki, seçkidən sonra yeni hökumət də Azərbaycanla sıx əlaqələr siyasətini davam etdirəcək, çünki iqtisadi əməkdaşlığımız artır. Nəqliyyat layihələri də yeni fürsətlər yaradır”-deyə dövlət başçısı vurğulayıb.  

Qəhrəman Nurani - Səhər TV

 

Teqlər