Dünyanın ən çox minalanmış regionu:
Qarabağda mülki əhali arasında qurbanlar artır
Belçika nəşri Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə mina problemi ilə üzləşməsi barədə geniş məqalə dərc edib.
SəhərAzəri-nin məlumatına əsasən, Brussels Morning qəzeti yazır: İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki jurnalist, həmçinin bir yerli məmur həlak olublar, daha 4 nəfər yaralanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də təsdiqləyib. Agentlikdən bildiriblər ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun irəliləməsini ləngitmək məqsədilə demək olar ki, hər yeri minalayıb.
Yeri gəlmişkən, Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan bu günlərdə yerli agentliyə müsahibəsində başçılıq etdiyi hərbi birləşmənin geri çəkilən zaman Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdığını təsdiqləyib.
Beləliklə, minalar regionda yaşayan və bölgəyə qayıdan mülki əhali üçün əsas təhdiddir. Bu, regionda onsuz da qeyri-sabit olan humanitar vəziyyəti daha da qəlizləşdirir. Ermənistan ordusunun İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra geri çəkildiyi əraziləri minalaması nəticəsində artlıq 22 mülki vətəndaş həyatını itirib, 100 nəfər yaralanıb.
Son faciə ilə bağlı Sərhədsiz Reportyorlar Təşkilatı da bəyanat yayıb. “Biz Azərbaycan hökumətinə xatırladırıq ki, jurnalistlər peşə fəaliyyətini həyata keçirən zaman hökumət onları qorumalıdır. Azərbaycan hökumətindən bu faciəli hadisəyə işiq salmağı, onu tam şəffaf şəkildə araşdırmasını xahiş edirik”, - deyə Sərhədsiz Reportyorlar Təşkilatının bəyanatında qeyd edilir.
İstənilən halda, Ermənistan tərəfinin minalı ərazilərin xəritələrini qarşı tərəfə verməkdən imtina etməsi vəziyyəti daha da qəlizləşdirir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bildirir ki, minatəmizləmə prosesində Ermənistan tərəfi iştirak etməyəcəksə, proses 10 ilədək uzana, milyonlarla dollara başa gələ bilər.
Beləliklə, Qarabağ regionu uzun illər ərzində həm minalanıb, həm də məqsədli şəkildə dağıdılıb. Dağıntıların aradan qaldırılması üçün isə bölgənin minalardan təmizlənməsi prosesinin təhlükəsiz şəkildə başa çatdırılması lazımdır.