İyun 15, 2021 11:35 Asia/Baku
  • Əli Kərimlidən nikbin açıqlama: Təxminimiz özünü doğrultdu!

Türkiyə və Amerika prezidentlərinin Brüsseldə görüşü Azərbaycanın ekspert dairələrində geniş müzakirə olunur.

SəhərAzəri-nin məlumatına əsasən, politoloq Elxan Şahinoğlu görüşün nəticəsiz sona çatdığını bildirib. O yazır ki, bir görüşlə bütün məsələlərin həll ediləcəyi əvvəlcədən də gözlənilmirdi. Vaşinqton nə Suriyada PKK-ya bağlı terrorçulara dəstəkdən vaz keçəcək, nə də Pensilvaniyada rahat həyat sürən Fətullah Güləni Türkiyəyə iadə edəcək. Həmçinin F-35 təyyarələri və S-400 raketləriylə bağlı məsələdə də fikir ayrılığı davam edir. 

Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iki rəhbər arasındakı görüşün tam qənaətbəxş olduğunu vurğulayıb.

AXCP sədri feysbuk üzərindən yaydığı paylaşımda qeyd edir ki, Ərdoğan Baydeni köhnə dost, ABŞ-ı isə müttəfiq, strateji tərəfdaş adlandırdı. Beləliklə, ABŞ-Türkiyə müttəfiqliyi daha da güclənəcək. ABŞ-la münasibətlərin yaxşılaşması Türkiyəni hərbi, siyasi və iqtisadi baxımdan daha da gücləndirəcək.

Partiya sədri sonra iddia edib ki, Azərbaycan baxımından əldə olunan nəticələr çox pozitivdir. Belə ki, ABŞ liderliyində Türkiyənin də daxil olduğu böyük Qərb Cənubi Qafqazda daha da fəallaşacaq. Rusiyanın regiondakı mövqeyi zəifləyəcək. Azərbaycanın Qərbə açılımı və ərazi bütövlüyünün də gerçək təmin olunması üçün tarixi fürsətlər yaranacaq.

Xatırladaq ki, Bayden hökuməti ötən həftələrdə Qarabağ üçün “uzunmüddətli siyasi həll yolu”nun tapılması zərurətindən danışmaqla Azərbaycanda qınaq obyektinə çevrilib. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməkdə ittiham olunur. Eyni zamanda bu dövlətin rəsmi nümayəndəsi Filip Rikerin İrəvanda olarkən Azərbaycan qoşunlarının 11 noyabrdakı mövqelərinə geri çəkilməsini tələb etməsi diqqətdən kənarda qalmamışdır.  

 

Teqlər