Dini ibadət, ayin və mərasimlərə dair qanun qüvvəyə mindi
Azərbaycanda dini zəmində nəzarət gücləndirilir
Prezident İlham Əliyev “Dini etiqad Azadlığı Haqqında Qanun"a dəyişikliklə bağlı qanunu təsdiqləyib.
SəhərAzəri xəbər verir ki, qanunla kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.
Qanuna görə, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə təşkil olunacaq.
Həmçinin xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər tərəfindən həyata keçiriləcək və bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.
Hökumətin tənqidçiləri deyirlər ki, Dini Etiqad haqqında Qanuna edilən bütün düzəlişlər dünyəviçilk sistemi ilə daban-dabana ziddidir və birbaşa müsəlman və şiə əhalinin inancdan irəli gələn fəaliyyətləri məhdudlaşdırmağa, xaıq üçün xüsusi əhəmiyyətə malik olan Aşura Yürüşünü yasaqlamağa köklənib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bunu rədd edir. O mart ayının 7-də Teleqraf Xəbər Portalı ilə müsahibədə demişdi ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur və ölkədə dinindən və məzhəbindən asılı bütün vətəndaşların dini etiqad azadlığı dövlət təminatı altındadır.