İyul 01, 2021 12:02 Asia/Baku
  • Tarif Şurasının qaz və işığın qiyməti ilə bağlı qərarı etiraz doğurdu.

Tarif Şurasının qərarı əsasında qaz və işığın qiymətinin qaldırılması cəmiyyətdə narazılığa səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bu barədə öz feysbk hesabında yazır: Hökumət qazın və işığın qiymətini qaldırdı. Rəsmilərin izahatı ikrah doğurur və sonu ümidsizliklə dolu nağıla bənzəyir.

Partiya funksionerinin fikrincə, pandemiyanın yaratdığı əlavə işsizlik və gəlirlərin azalmasına rəğmən hökumətin qiymətləri artırması sosial dövlət siyasətinin üstündən xətt çəkir. Görünən odur ki, iqtidarla xalq arasında anlaşılmazlıq daha da çoxalır və uçurum dərinləşir.

Mütəllim Rəhimli qeyd edir ki, qaz ölkənin təbii sərvətidir və elektrik enerjisinin də 80 faizi qaz yanacağı vasitəsilə əldə edilir. İqtidar ölkənin təbii sərvətlərindən xalqa pay ayırmaq əvəzinə onun qiymətini daha da artırır.

Siyasi təhlilçi Azər Rəşidoğlu isə bildirib ki, sosial şəbəkələrdə vətəndaşların qaz və işığın qiymətinin artırılmasına sərt təpkisini nəzərə almamaq mümkün deyil. Bu səbəbdən ictimai rəylə hesablaşmaq lazımdır!

Xatırladaq ki, iyunun 30-da Bakıda Tarif Şurasının növbəti iclası keçirilib.

İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abunəçilərin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. 

 

Teqlər