İyul 03, 2021 10:56 Asia/Baku
  • Hökumətin qərarı ləğv etməsi üçün kampaniya başladılıb

Azərbaycan Respublikasında Tarif Şurasının təbii qaz və işığın qiymətini qaldırmasına qarşı etirazlar genişlənir.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniyada yaşayan azərbaycanlı hüquqşünas İlqar Altay feysbukdakı paylaşımında yazır: “SOCAR, "Azəriqaz" müəssisələri və həm, Taarif Şurasının qazın qiymətinin qaldırılması barədə qərarları təbii ki, xalq və cəmiyyət tərəfdən heç də yaxşı qarşılanmır. Azərbaycanda, indiki həssas və çətin, koronavirus və müharibə gərginliyinin psixoloji təsirini yaşayan xalq üçün bu hal təbii ki, daha çox narazılıq doğura bilər.”

Hüquqşünas hesab edir ki, əhali üçün bu qeyri-populyar addımda məqsəd, ölkə iqtisadiyyatında tənzimlənmə yəni xalq və dövlət üçün, digər tərəfdən, daha xeyirli planlar xatirinə müvəqqəti xarakter daşıyırsa, bunu, bu qiymət qaldıran qurumlar çıxıb xalqa sadə dillə aydınlıq verib izah etsinlər. Ancaq bu cür aydın izahdan yayınmaq və bu işi üstəlik, həmin qurumlar yanındakı İctimai Şura üzvünə həvalə etmək və onun da, belə bir ciddi problemə televiziyadan bu qeyri-ciddilikdə şərh verməsi yaxşı hal deyil. Bu cür yanaşma həmin qurumların xalqa etinasızlığıdır. Bunlar nəticəsi dövlət idarəçiliyinə ziyanlıdır və bu cür məmurlar mütləq kənarlaşdırılmalıdır.

Bu arada Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu xalqı Azərbaycan Respublikası prezidenti İlham Əliyevə ünvanlana Tarif Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 30 iyun 2021-ci il tarixli qərarının ləğvi ilə bağlı petisiyanı imzalamağa, onu müxtəlif sosial şəbəkələrdə və qruplarda yaymağa, paylaşmağa dəvət edib.

Siyasi fəal Cavid Cabbarlı isə bütövlükdə Tarif Şurasının ləğv edilməsini tələb edibdir.

O, buna səbəb kimi bildirir ki, birincisi sözü gedən şura sovet idarəetməsinə aiddir, ikincisi bazar iqtisadiyyatı ilə qiymətlərin hansısa Şura tərəfindən tənzimlənməsi bir-birinə ziddir. Və nəhayət Tarif Şurası iqtisadiyyatın konkret şəxslərin əlində cəmləşməsinə xidmət edir.

Teqlər