Putin Makronla Qarabağı müzakirə etdi
Kreml Qarabağdakı “humanitar” problemlərin həllində Fransaya güvənir?
Rusiya və Fransa prezidentlərinin telefon danışığında Qarabağ məsələsi müzakirə olunub.
SəhərAzəri-nin məlumatına əsasən, İki ölkənin liderləri Moskva və Paris arasında Ukrayna və Qarabağ məsələsində qarşılıqlı əlaqəni müzakirə etdilər.
Belə ki, Vladimir Putin Emmanuel Makronu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar vüçtərəfli razılaşmalarının yerinə yetirilməsinin gedişi haqda məlumatlandırıb. Qeyd olunub ki, regionda vəziyyət Rusiya sülhməramlı qüvvələrinin sayəsində stabil olaraq qalır.
Kremlin məlumatında deyilir ki, Rusiya Prezidenti, hərbi əməliyyatlardan əziyyət çəkən bölgə əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqət çəkdib.
Prezidentlər ATƏT-in Minsk Qrupu da daxil olmaqla, nizamlanmanın müxtəlif aspektlərini əlaqələndirməyə hazır olduqlarını dilə gətirdilər.
Qeyd edək ki, Rusiya 10 noyabr üçtərəfli razılaşmasının ardınca Xankəndində humanitar reaksiya Mərkəzi yaradıb və həmin mərkəzin fəaliyyəti Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin humanitar problemlərini həll etməkdən ibarətdir. Rusiya Qarabağın dağlıq hissəsinin ermənilər yaşayan hissəsində humanitar vəzifələrin yerinə yetirilməsinə milyonlarla dollar xərcləməkdədir.
Üçtərəfli bəyanatın imzalanmasının ardınca Rusiya beynəlxalq təşkilatları, o cümlədən BMT-ni də regionda işə başlamağa çağırmışdı. O cümlədən qərb ölkələrini regionda “humanitar məsələlərin həlli işinə” vəsait ayırmağa səsləmişdi. İndi isə belə çağırış Fransaya edilir.
Məsələnin ilginc tərəfi həm də ondan ibarətdir ki, Rusiyanın bu çağırışlarına Azərbaycanın mövqeyi və milli hakimiyyət haqqı əsla nəzərə alınmır.
Digər məqam isə telefon danışığı zamanı “Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri barədə” qarşılıqlı koordinasiyadır ki, burada da zəruri dəqiqləşdirmələrə ehtiyac var. Azərbaycanda bildirirlər ki, “Nizamlama” dedikdə əgər söhbət münaqişənin nizamlanmasından gedirsə bu məsələ artıq keçmişdə qalıb və Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, artıq danışılası heç nə yoxdur. O cümlədən ATƏT-in Minsk Qrupunun xətti ilə.