Azərbaycan prezidentindən Baydenə ismarıc
İlham Əliyev: Qarabağın işğalına son qoyulub
Azərbaycan Respublikasının prezidenti amerikalı həmkarına cavab olaraq onun Qarabağla bağlı mövqeyini üstüörtülü şəkildə tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlanan məktubda deyilir: “keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.
İlham Əliyev ümidvarlıq edib ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
Xatırladaq ki, 28 may münasibətilə azərbaycanlı həmkarına göndərdiyi məktubda Amerika dövlət başçısı Co Bayden Qarabağ üçün “uzunmüddətli siyasi həll yolunun tapılması” ideyasını irəli sürdü. Lakin bu istək Azərbaycan hökuməti və ictimaiyyətinin qəti etirazı ilə üzləşdi.