Provokasiya yoxsa demarş?
Erməni dəstələri Azərbaycanın Şuşadakı mövqelərini atəşə tutublar- Təcili
Azərbaycan Respublikası ordusunun mövqeləri Şuşa şəhərinin ətrafında atəşə tutulub.
SəhərAzəri xəbər verir: Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bölmələrin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Azərbaycanla Ermənistan sərhədində atəşkəs rejimi tez-tez pozulsa da, Şuşanın yaxınlığında ermənilərin təxribat törətməsi rəsmi Bakını daha çox hövsələdən çıxara bilər. Çünki bu şəhər ölkənin mədəniyyət paytaxtı elan edilib və strateji mövqeyinə görə xüsusi əhəmiyyətə malikdir. Belə bir şəraitdə rusiyalı sülhməramləların gözləri önündə təxribatın törədilməsi olduqca ciddi hasidə kimi qəbul oluna bilər. Xüsusilə də ki, onlar bu günədək erməni hərbi birləşmələrinin tərki-silah olunmasına heç bir təşəbbüs göstərməmişlər.
Bu arada son hadisənin ATƏT Minsk Qrupuna həmsədrlik edən ölkə səfirlərinin Şuşaya səfərdən imtina etmələri fonunda baş verməsi belə bir fərziyyəni gücləndirib ki, diplomatların bu hərəkəti erməniləri həddən artıq ruhlandırıb və onlar demarş etmək fikrinə düşüblər.
Maraqlıdır ki, ABŞ Bakıdakı səfirliyi öz növbəsində səfirin Şuşa səfərinə qatılmaması barədə heç cür izahat verməyəcəyini bildirib.