Azərbaycan Respublikası turizm sektorunda növbəti korrupsiya
Azərbaycan Respublikasının Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı geniş qanun pozuntularına yol verilib.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılan araşdırmalara görə,hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.
Habelə, ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.
Nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı istintaqı aparılır.