Azərbaycan-Ermənistan sərhədində gərginlik
Ermənilər Kəlbəcəri intensiv atəşə tutdu
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin Kəlbəcər rayonu ərazisində təxribat törətdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayaraq xəbər verib ki, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.
Qeyd olunur ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
İyulun 23-də də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdu.
Ekspertlər sərhəddə belə halların təsadüfi olmadğını düşünür və isətər Rusiyanın, istərsə də Qərb dövlətlərinin təxribatlarda imzasının olduğunu istisna etmirlər. Belə ki, sözü gedən qüvvələr iki qonşu ölkə arasında gərginliyin davam etməsini məqsədəuyğun hesab edirlər.
İran İslam Respublikası isə hadisələri yaxından təqib edərək problemlərin həllində Azərbaycan və Ermənistana öz köməyini təklif etmişdir.