İyul 28, 2021 11:15 Asia/Baku
  • Kəlbəcər sərhədində qanlı toqquşmalar gedir; itki var

Ermənistan – Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 4 erməni hərbi qulluqçu ölüb, 3-ü yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyi isə bildirib ki, bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğunu açıqlayıb.

Bildirilir ki, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikası Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də bəyanat yayaraq baş verənlərə görə birbaşa məsuliyyətin tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğunu qeyd edib.

“Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq", - deyə nazirliyin bəyanatında vurğulanır.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi bildirr ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü Bakıdan qəbul edilib. Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

 

Teqlər