Avq 01, 2021 11:26 Asia/Baku
  • Cənubi Qafqazda münaqişənin qızışması Fransanın sifarişidir - ŞƏRH

İranın Təsnim Xəbər Agentliyi Azərbaycanla Ermənistan arasındakı sərhəd toqquşmalarında Fransanın rol oynadığını bildirir.

SəhərAzəri-nin məlumatına əsasən, “Tasnim Xəbər Agentliyinin şərhində deyilir: İkinci Qarabağ müharibəsinə son qoymuş 2020-ci ilin 10 noyabr bəyannaməsinin imzalanmasından 8 aydan çox vaxt keçməsinə, Azərbaycanın işğal altındakı ərazilərinin böyük hissəsini azad etməsinə baxmayaraq, Ermənistan hökuməti Azərbaycana qarşı beynəlxalq təbliğat aparır, Bakını onun ərazisinə təcavüzdə günahlandırır. 

Agentlik qeyd edir ki, İrəvan Fransa və ABŞ qüvvələrinin bölgəyə ayaq açmasına, onların Azərbaycanla sərhədə yerləşdirilməsinə çalışır. Bu yolla ermənilər Xankəndidəki on minlərlə silahlı separatçının köməyi ilə Qarabağ müharibəsini yenidən alovlandırmağa, Qərb güclərinin yardımı ilə kartları öz xeyrinə dəyişməyə cəhd edir.

Şərhdə bildirilir ki, Ermənistanın bu yaxınlarda Kəlbəcər sərhədində başlatdığı silahlı toqquşma bir neçə Azərbaycan hərbçisinin ölümünə səbəb olub. Bu, müharibədən yeni çıxmış, atəşkəs bəyannaməsi imzalamış ölkənin işinə bənzəmir. Görünür, İrəvan müharibəni yenidən qızışdırmaq, bununla da bölgəyə xarici hərbi müdaxiləyə yol açmaq niyyətindədir.

Maraqlıdır ki, baş verənlərin fonunda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyapərəst Vaqarşak Harutunyanı müdafiə naziri vəzifəsindən kənarlaşdırıb. Onun yerinə Qərbpərəst Arşak Karapetyan təyin olunub. Ölkənin XİN başçısı səlahiyyətlərinin icrası isə daha bir Qərbpərəst kadra –Armen Qriqoryana həvalə edilib. Bütün bunlar İrəvanda Fransa və ABŞ-ın siyasətinin həyata keçirildiyini göstərir.

Rusiyapərəst şəxsləri önəmli vəzifələrdən kənarlaşdıran Nikol Paşinyan unudur ki, Moskvanın hərbi və maddi dəstəyi olmasaydı, 44 günlük müharibədə Azərbaycan nəinki Xankəndi və Xocalı da daxil olmaqla Qarabağın bütün ərazisini azad etmək ərəfəsində idi, hətta Ermənistanın ərazi bütövlüyü belə, təhlükəyə altına düşə bilərdi.

Digər tərəfdən, Avropa İttifaqı bu günlərdə Ermənistana 2,6 milyard avro maliyyə yardımı ayırdığını bəyan edib. Bu, əhalisi 3 milyondan az olan ölkə üçün çox böyük rəqəmdir. Söhbət az qala, onun dövlət büdcəsinə bərabər məbləğdən gedir.

Teqlər