"Dağlıq Qarabağın silahlı birləşmələri " ifadəsi nigaranlığa səbəb olub
Rusiya Müdafiə Nazirliyinin avqustun 10-da və 12-də yaydığı məlumatda işlətdiyi ifadələr Azərbavycan Respublikasında ciddi nigaranlıqlara səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya müdafiə nazirliyinin bəyanatında deyilir ki, “Avqustun 9-da saat 17.45-də Şuşa ərazisində Dağlıq Qarabağın silahlı birləşmələri ilə Azərbaycan silahlı qüvvələri arasında atışma baş verib. Rusiya sülhməramlılarının səyləri ilə atışma dayandırılıb, itki yoxdur. Faktla bağlı komandanlıq Ermənistan və Azərbaycan tərəfi ilə birlikdə araşdırma aparır”.
Bəyanatda sonra belə deyilir: Sülhməramlı kontingent Dağlıq Qarabağ ərazisindəki 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.
Rusiya Müdafiə Nazirliyinin Qarabağda baş verənlərlə bağlı növbəti bəyanatında isə "avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”, - deyə bildirilib.
Rəsmi açıqlamada “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağın silahlı birləşmələri” kimi formulirovkalar diqqəti cəlb edir.
Azərbaycan Respublikası prezidenti dəfələrlə Azərbaycan ərazisində Dağlıq Qarabağ adlanan inzibati ərazi quruluşunun olmadığını bildirib “Dağlıq Qarabağın silahlı birləşmələri” ifadəsi isə daha təhlükəlidir. Belə çıxır ki, Rusiya Xankəndindəki separatçı qurumu ayrıca subyekt kimi de-fakto qəbul edir. Azərbaycan Respublikası ictimaiyyətinin ümumi fikrinə görə, bütün bunlar Azərbaycanın suverenlik hüquqlarına hörmət göstərilməməsinin təzahürüdür.
Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri politoloq Tofiq Zülfüqarov Rusiyanın rəsmi bəyanatındakı Dağlıq Qarabağın silahlı birləşmələri ifadəsindən istifadə olunması mövzusuna münasibət bildirərkən deyib ki, Rusiya Ermənistan ictimaiyyətində öz imicini gücləndirmək üçün bu və ya digər məqamlarda, bu və digər şəkildə təbliğat məsələləri ortaya qoyur. Politoloqa görə Rusiyanı bu mexanizmdən məhrum eləmək üçün məsələnin təsdiqini monitorinq mərkəzindən gözləməliyik, tələb etməliyik ki, bu bəyanat həqiqətə uyğundur, ya yox.
Politoloq Zərdüşt Əlizadənin fikrincə isə Rusiyanın Müdafiə Nazirliyinin “Azərbaycan ordusu Dağlıq Qarabağın erməni qüvvələrinə zərbələr endirib”- deməsi Azərbaycanın qanuni torpağında Qarabağ seperatçılarının qoşunları olduğuna açıq-aşkar etirafdır.
Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan da bundan istifadə edib dünyaya yaymalıdır ki, Rusiya qanunsuz silahlı seperatçıları himayə edir.