Gəncə işi yekunlaşdı
Yunis Səfərov ömürlük həbs cəzasına məhkum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində "Gəncə işi" üzrə müttəhimə hökm oxunub. Məhkəmə əsas müttəhim Yunis Səfərovu ömürlük həbs cəzasına məhkum edib.
SəhərAzəri-nin məlumatına əsasən, Səfərov son sözündə deyib ki, Gəncənin keçmiş rəhbəri Elmar Vəliyev şəhər sakinlərilə kobud davrandığına görə ona hücum edib.
Bundan öncə dövlət ittihamçısı Səfərovun ömürlük həbs cəzasına məhkum edilməsini istəyib, onu terrorizmdə və bir sıra digər cinayətlərdə təqsirli bilib.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Aprelin 13-də keçirilən məhkəmə iclasında Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev bildirib ki, müvəkkilinin əməli düzgün tövsif olunmayıb. Vəkilin sözlərinə görə, bu hadisənin terror, dövlət çevrilişinə cəhd kimi qiymətləndirilməsi, Yunis Səfərov və digərlərinə bu cür ittihamların verilməsi əsassızdır.
Vəkil deyib ki, baş vermis hadisəyə Elmar Vəliyevin Gəncə şəhərinin icra başçısı kimi etdiyi hərəkətlər kontekstində baxmaq lazımdır. Gəncədə insanlara zülm edən icra başçısından yuxarı dövlət qurumlarına şikayətlər edilirdi, amma bu şikayətlər səmərə vermirdi. Ona görə də, Yunis Səfərov özü Vəliyevi cəzalandırmaq niyyətinə düşüb. Yunis Səfərov ifadəsində göstərdi ki, Gəncə sakinlərini, onların dini etiqadlarını təhqir edən Vəliyevin mentalitetə, xalqın adət-ənənəsinə, insanlara hörmət etməməsinə görə bu yola əl atıb.