Avq 21, 2021 14:49 Asia/Baku
  • NATO Əfqanıstandakı missiyasını tamamladı

NATO baş katibi alyansın Əfqanıstandakı missiyasını tamamladığını elan edərək eyni zamanda NATO hərbçilərinin təhlükəsiz təxliyəsini təmin etdiklərinə görə Türkiyə və Azərbaycan Respublikasına təşəkkürünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransından sonra alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərin suallarını cavablandırarkən deyib ki,“NATO Əfqanıstandakı missiyasını tamamladı, müttəfiqlər indi yalnız Kabul hava limanının ərazisindədir”.

Yens Stoltenberq həmçinin Əfqanıstandakı Həmid Karzay Beynəlxalq Hava Limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə ABŞ və Britaniyaya eləcə də Türkiyə və Azərbaycana təşəkkürünü bildirib.

"Hazırda dünyanın gözü Əfqanıstandadır. Gün ərzində fasiləsiz olaraq təxliyə işləri aparırıq. Türkiyə bu prosesdə açar rolu oynayır. Xüsusilə, Türkiyə, ABŞ və Böyük Britaniyaya təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyinin təminatında oynadığı rola görə minnətdarıq", - Y.Stoltenberq bildirib.

Yens Stoltenberqin Türkiyə və Azərbaycana təşəkkürü belə bir təsəvvür yaradır ki, Türkiyə və Azərbaycan əsgərləri NATO hərbçilərinin Əfqanıstandan salamat qurtarmaları üçün sipər rolunu oynamaqdadır.

Bəziləri Türkiyənin belə bir missiyanı öz üzərinə götürməklə regionda öz nüfuzunu gücləndirmək niyyətində olduğunu deyirlər. Bəs Azərbaycan Respublikası? NATO-nun işğalçı hərbçilərinin təhlükəsiz qaçışını təmin etmək  və Türkiyənin ehtimal olunan məqsədlərinə töhfə vermək Azərbaycan Respublikasının milli mənafeyinə də uyğundurmu?  Bu sual bu gün Azərbaycan Respublikasında gündəmdə durur və ona həm müsbət həm də mənfi cavab verənlər var. Amma hər iki qrup azərbaycanlı əsgərlərin təhlükəsizliyi baxımından nigaran olduqlarını bildirirlər.

 

Teqlər