Sülhməramlılarla əlaqədar müzakirələrdən nəsə gözləməyə dəyərmi?
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə açıqlamasında deyib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir.
SəhərAzəri-nin verdiyi məlumata görə, Hacıyev bildirib ki, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün "siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni" müəyyən edib.
"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir", - Hacıyev bildirib.
"Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər", - Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyevin “üçtərəfli razılaşma sülhməramlıların fəaliyyətinə müəyyən dərəcədə hüquqi çərçivə yaradıb” deməsi göstərir ki, üçtərfli razılaşmanın bu sahədə ciddi boşluqları var və müzakirələr də həmin boşluqları düzəltmək məqsədini güdür.
Bir çox ekspertlərə görə Rusiyanın məqsədi Qarabağda mövqelərini möhkəmləndirmək və müvəqqəti deyil davamlı olaraq orada fəaliyyət göstərməkdir və buna görə də onların fəaliyyətləri ilə bağlı müzakirələrdən nəsə gözləməyə dəyməz.
Siyasi analitiklər deyirlər ki, Azərbaycan Respublikası rusiyalı sülhməramlıların qanunsuz hərəkətlərinə görə Rusiyaya nota verməli və sülhməramlı missiyasından imtina etməlidir.