Prezident İlham Əliyev xalqa müraciət edib
“Dağlıq Qarabağ” adlı inzibati ərazi artıq yoxdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib.
SəhərAzəri-nin məlumatına əsasən, dövlət başçısı bildirib: İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik.
İlham Əliyev qeyd edib ki, Ermənistan müharibə əsnasında qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heç nə Azərbaycan ordusunu dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Hazırda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazinin mövcud olmadığına və adlarını çəkmədən ABŞ ilə Fransanın bu reallığı qəbul etmədiyinə diqqət çəkən prezident əlavə edib: Əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı söhbətinin davamında yenidən erməni faşizminin baş qaldıra biləcəyi barədə xəbərdarlıq edib. "Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır və xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik" - deyə Prezident vurğulayıb.