Prezidentdən İrana qarşı ağır ittiham
İlham Əliyev türk mediasına müsahibədə İrandan şikayətləndi
Azərbaycan Respublikasının prezidenti Türkiyənin Anadolu Xəbər Agentliyi ilə müsahibədə İran İslam Respublikasından şikayətlənib.
SəhərAzəri-nin məlumatına əsasən, dövlət başçısı həmin müsahibədə İranın yük maşınlarının Qarabağa yüklər daşıdığını qonşu ölkənin ərazi bütövlüyünə hörmətsizlik adlandırıb və Araz çayının sahilində İran silahlı qüvvələrinin hərbi təlim keçirməsini tənqid edib.
İlham Əliyev həmçinin İranla bağlı danışarkən “dünya azərbaycanlıları” ifadəsindən istifadə edib və bununla da İran azərilərini də təmsil etdiyini, qonşu ölkənin daxili işinə qarışa biləcəyinin anonsunu verib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sentyabrın 25-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.
Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb. “Mən arxayınlıqla deyirəm ki, yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Hamı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Tərəfimizdən lazım olan addımları atırıq", -deyə səfir qeyd etmişdi.
İranlı diplomat həmçinin ölkəsinin keçirdiyi təlimlərlə bağlı məsələyə də aydınlıq gətirmişdir. Diplomat bildirmişdir ki, bu məsələ yanlış formada təqdim olunur. Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. İranın hərbi gücü dostlarının xidmətindədir, dostlarına qarşı təhdid sayıla bilməz.
Burada ən çox diqqət çəkən məsələ əlaqələri pozmaq üçün üçüncü tərəfin maraqlı olmasıdır. Səfir Musəvinin qeyd etdiyi kimi İran və Azərbaycan arasında yaxşı münasibətin olmasını istəməyən üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirməyə çalışırlar.
Bu vaxta qədər üçüncü tərəfin məhz İsrail rejimi olduğu deyilirdisə, hazırda bu cərgəyə Rusiya, ABŞ, Ermənistan və hətta Türkiyənin də qoşulduğunu deməyə ciddi arqumentlər var. Bununla əlaqədar Türkiyənin rəsmi Dövlət Xəbər Agentliyinin qərəzli və bəlkə sifarişli suallarla Azərbaycan prezidentinə müraciət etməsi burada üçüncü tərəfin müdaxiləsi kimi yozula bilər.