1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş
Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri
Müharibə gedərkən Bakıda İran və Azərbaycan Respublikası prezidentləri arasındakı görüşdən çox önəmli detallar
1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərmiş məşhur siyasətçi mərhum Əli Əkbər Haşimi Rəfsəncani 1993-cü il oktyabr ayının 26-da Azərbaycan Respublikasına rəsmi səfər edib. Ayətullah Haşimi Rəfsəncaninin gündəlik xatirələrinin bu səfər günlərinə təsadüf edən hissəsində maraqlı məlumatlar öz əksini tapır. Mərhum Haşimi Rəfsəncanının bu səfərdə Azərbaycan Respublikasının keçmiş prezidenti Mərhum Heydər Əiyev ilə hər yerdə birlikdə olduğunu eləcə də həmin illərin Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın çətin dövrü olduğunu nəzərə alaraq bu məlumatlar İran-Azərbaycan əlaqələrinin hansı təməllər üzərində və necə qurulduğu barədə ciddi təsəvvür yaradır.
26 oktyabr 1993
Cənab Heydər Əliyev tərəfindən mehmanxanada xüsusi şam ziyafəti verildi. Mehdi və Yasir(Haşimi Rəfsəncanının oğulları) Doktor Vilayəti, oğlu(İlham Əliyev) və cənab Həsənov da (baş nazir) İştirak edirdi. Daha çox Rusiya, respublikalar və Azərbaycanın vəziyyəti barədə danışdıq. Şam yeməyindən sonra dedi ki,(Heydər Əliyev) Tehrandan satın alınan silahların göndərilməsi tezləşdirilsin eləcə də fərarilərin qaçarkan İrana keçirdikləri silahlar da Azərbaycana qaytarılsın; tapşırıq verdim dərhal yerinə yetirilsin.
27 oktyabr 1993
Qapalı müzakirələr üçün prezident qərargahına getdik. Təmtəraqlı binadır. Doktor Vilayəti və cənab Həsənov da iştirak edirdilər. Tərcüməçi səfirimiz idi. Telefon zəng çaldı və danışdı, məlum oldu ki, müharibə ilə əlaqədardır; cənab Əliyev dedi ki, Zəngilan tərəflərində Araz ermənilərin ağır atəşi altındadır və əhali İrana qaçaraq Araz çayını keçir və boğulanlar olur. Çarəsizcəsinə yardım istədi. Bu qapalı müzakirələrin əsas mövzusuna başlanğıc və atmosfer yaratmaq niyyəti daşıya bilərdi, amma həqiqətdən uzaq da deyildi.
Xəritə gətirdilər və izah elədilər. Bəlli oldu ki, Zəngilan süqut edərsə, Ermənistan sərhəddindən Parsabadadək ermənilər Arazın şimalında bizim sərhədlərə yapışacaqlar.
İsrarla edilən birmənalı təklif bundan ibarətdir ki, biz onların xeyrinə müharibəyə qatılaq. Açıq deyirlər ki, biz bütün Azərbaycanı ixtiyarınıza verməyə və Azərbaycanda islam respublikası yaradılmasına hazırıq və İranın yardımı olmadan müdafiə edə bilmirik və ermənilərin Bakıya qədər irəliləməsi mümkündür.
Ermənilərin guya 1980-ci ildə yaydıqları böyük Ermənistan xəritəsini göstərdilər, orada Qara dənizdən Xəzər dənizinədək, cənubda Urmiyəyədək və qərbdə Türkiyə və Suriya ərazilərinədək şamil olurdu.
Dedim ki, bu böyük bir qərardır və bir çox regional və beynəlxalq təsirləri olacaq, onun nəticələrini bütün cəhətlərdən araşdırmalı və bu Tehranda olmalıdır, sonra cavab verərik. Amma təcili olaraq hələlik atəşkəs rejiminin bərqərar olunmasına səy göstərməliyik, siz Zəngilan itirilməsin deyə müqavimət göstərməlisiniz...
Həmən iclasda Doktor Vilayəti Ermənistanın xarici işlər nazirinin müavini ilə əlaqə saxladı və mənim mesajımı Ermənistan prezidentinə çatdırdı. Mən dedim ki, öncəki telefon söhbətimizdə ermənilərin olduqları mövqedə dayanmaları barədə razılaşmışdıq və son günlərin əməliyyatları o razılığı pozmuşdur, sakit tonda bir növ təhdid də etdim. Ermənistan prezidenti mənimlə danışmaq istədi mən də razılaşdım...
Cənablar Ruhani, Vilayəti və Vaizi gəldilər. Qarabağ müharibəsi barədə mövqelərimizi müzakirə etdik. Yenə də Əliyev ilə təkbətək, onları ermənilərlə müharibədə dəstəkləməyimiz barədə danışıqlar apardıq və sonda yekun nəticə bundan ibarət oldu ki, atəşkəsin təmin olunması, Zəngilanın mühafizəsi və geriçəkilmə barədə siyasi səy göstərək və Zəngilanda mühasirəyə alınanlara yardım üçün yolu açıq saxlayaq və sərhəddə hərbi təlim keçirək ki, bizim hərbçilər müdafiənin hansı keyfiyyətdə olması barədə müzakirələr aparsınlar və müdafiə birliyi təklifini Tehranda araşdıraq sonra cavab verək.
Atəşin səngiməsi barədə xəbər gəldi. Bu xəbərlə şam yeməyinə getdik. Çox geniş zalları var, yüzlərlə qonaq dəvət olunmuşdu. Musiqi nömrələri ifa olundu. Şamdan sonra atəşkəs barədə durumu öyrənmək istədik, bəlli oldu ki, icra olub.
29 oktyabr 1993
Demək olar ki, hər yerdə və baxış keçirərkən prezident mənimlə birlikdə idi və yollarda, avtomobildə söhbət üçün fürsət çox idi, səfirimiz də həm yaxşı tərcüməçi həm də etimadediləsi bir şəxs olaraq həmişə bizimlə birlikdə idi. Diqqət çəkən məqam, səfirimizə olan yüksək etimadları idi, buna görə elə sirli məsələləri söhbət etdik.
Təkrar səsləndirilən önəmli fikirlərindən biri bundan ibarət idi ki, İran ermənilərlə müharibə fürsətindən faydalanaraq Azərbaycandakı nüfuzunu gücləndirə bilər. Bəzən də deyirdi bura İranın olub və indi də gəlin müdafiə edin və idarə edin, Naxçıvanda olarkən də, buna oxşar fikirlər səsləndirirdi və belə təhlil verirdi ki, siz Azərbaycanı nəzarətə götürsəniz Rusiyanın bütün Qafqaza olan hegemoniyası sarsılacaq.
Bəzən belə fikir səsləndirirdi ki, İran və Azərbaycan birlikdə Rusiyanı onun həqiqi sərhədlərinədək geri oturda bilərlər; çünki Dağıstan, Tatarıstan, Çeçenistan, İnquşetiya və Osetiya tamamiylə rusların hakimiyyətindən narazıdır. Əlbəttə müharibədə çarəsiz duruma düşdükləri, Rusiyanın ermənilərə dəstək verməsi ücbatından bu kimi mövqelər tutduqlarını nəzərə alaraq etimad edə bilmərik. Xüsusiylə də ona görə ki, Cənab Niyazovun dediklərinə görə bunlar MDB-də və Xəzərdə(status) rusların istəkləri ilə koordinasiyadadırlar.
Cənab Niyazovu da tənqid edirdi. Deyirdi ki, get gedə şah Sultan olur. Bu fikrini (Niyazovun) heykəl ucatmaları, öz adı ilə adlandırmaları, medialarda ifrat tərifləmələri və müxalifəti aradan götürməsi ilə izah edirdi; Nazarbeyev kimi o da belə qənaətdə idi ki, Rusiyada baş verən hadisələrin arxasında sionist yəhudilər dururlar. əlbəttə çox da reallıqdan uzaq demirlər. Ümumiyyətlə digər prezidentlərlə müqayisədə daha düşüncəli və daha peşəkardır, amma Azərbaycanı idarə etməkdə çətinlik çəkir və bütün problemlərində xalq cəbhəsini günahlandırırlar.
Rəsmi yolasalma mərasimi ilə Tehrana uçduq. Axşam çatdıq. Rəsmi qarşılama və Aeroportun Respublika pavilyonunda geniş müsahibə oldu. Evə doğru yola düşdük, yağış da yağırdı. Günortadan başlamışdı. Azərbaycanda isə dünən gecədən başlamışdı.
30 oktyabr
Axşam namazından sonra Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirildi. Azərbaycan Respublikası tərəfindən hərbi yardım istəyi müzakirə olundu. Hərbi təlim, silah yardımı və siyasi dəstək barədə razılıq əldə olundu amma müdafiədə konkret iştiraka qarşı çıxdılar.
... Gecə Ayətulah Xamenei ilə iclas keçirdik. Daha çox mənim Orta Asiyaya və Azərbaycana səfərim və... mövzusunda müzakirə apardıq.