Okt 20, 2021 09:52 Asia/Baku
  • Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb

DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu sərbəst buraxılması ilə bağlı öz Facebook səhifəsindən müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, hüquq müdafiəçisi bildirib ki, şahid qismində dindirildikdən sonra azadlığa buraxılıb, lakin bir neçə gün sosial şəbəkə vasitəsilə Azərbaycan vətəndaşları ilə ünsiyyətdə ola bilməyəcək. 

Qeyd edək ki, ilahiyyatçı alimin müvəqqəti həbsindən bəzi qüvvələr məmnun qalsalar da, çoxları onun müdafiəsinə qalxmışlar. 

Tanınmış siyasi təhlilçi Azər Rəşidoğlu bu barədə öz Fecebook paylaşımında yazır: Hacı İlqar İbrahimoğlunu on illərdir tanıyıram. Mötədillik tərəfdarı olan hüquq müdafiəçidir, vətənpərvər insandır. Mən tanıdığım Hacı İlqar heç vaxt nə İrana, nə də başqa ölkəyə xidmət edə bilməz.

DEVAMM sədrinin azadlığa buraxılmasından sonra isə Azər Rəşidoğlu bildirib: Anlaşılmazlıq olduğuna əmin idim. Hacı İlqar sərbəst buraxıldı. Bəziləri onu "dəfn" etməyə tələsdilər!

ABŞ-da yaşayan Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu isə öz növbəsində dindar kəsimə qarşı repressiyanı gözlədiyini bəyan edib. 

Politoloq öz Facebook səhifəsində yazır: Dindarlar arasında həbslər aparılacağını bilirdim, dostlara da demişdim bunu. Yazmamaqda yeganə motivim isə həmin həbslərə anons verməmək idi, çünki bu, dolayısı ilə onlara zəmin hazırlanması deməkdir. Hesab edirəm ki, həbslər davam edəcək, özü də təkcə inanclılar arasında yox, müxalifət partiyalarının üzvlərini, jurnalistləri, QHT rəhbərləri və adicə fəalları da həbs edə bilərlər. Ona görə ki, başlanan həbslərin səbəbi İran, Turan və ya hansısa başqa bir ölkə deyil. Səbəb ölkənin daxilində sürətlə dərinləşən sosial-iqtisadi və siyasi böhrandır, idarəetmənin iflasıdır.  Yaxın günlərdə ölkədə devalvasiya elan olunsa buna da təəccüblənmək lazım deyil. Sistem hər mənada çöküb, belə olduqda isə çıxış yolunu həbslərin və repressiyaların gücləndirilməsində görürlər.

Xatırladaq ki, İlqar Ibrahimoğlu bundan öncə 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilib. O 2004-cü ilin aprelində beş il şərti həbs cəzası ilə azadlığa buraxılıb.

Teqlər