Okt 29, 2021 19:01 Asia/Baku
  • Hansı banklar bağlanacaq?

Azərbaycanda fəaliyyət göstərən 4 bank 2021-ci ilin 9 ayını xalis zərərlə başa vurub. Onlar “AccessBank”, “BankAvrasiya”, Pakistan Milli Bankının Bakı filialı, “Yapı Kredi Bank Azərbaycan”-dır.

SəhərAzəri-nin məlumatına əsasən, bu banklar arasında Bank Avrasiya-nın xalis zərərinin məbləği daha yüksək -  2 milyon 798 min manatdır. “AccessBank”-ın zərəri 917 min, “Yapı Kredi Bank Azərbaycan”-ın 746 min, “AccessBank” 746 min manatdır.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Bakı Xəbər qəzeti ilə müsahibədə deyib ki, bankların xalis zərərinin yaranmasının səbəbi problemli kreditlərin həcminin artması ilə bağlıdır: “Məlumdur ki, son zamanlar geri qaytarılmayan kreditlərin həcmi artıb. Bu da bankın zərər etməsinə səbəb olur. Bank problemli krediti geri qaytara bilərsə, zərərdən çıxmış olacaq”.

Onun sözlərinə görə, bank problemli kreditləri geri qaytara bilməyəcəksə, bu vəziyyət onların müflis olmasına da səbəb ola bilər: “Bankın səhmdarları istəsələr, bankı müflis olmaqdan xilas edə bilərlər. Belə ki, bank səhmdarları banka əlavə pul qoyub, onu bu vəziyyətdən qurtara bilərlər. Məlumat üçün bildirim ki, dövlət bir neçə il əvvəl Beynəlxalq Bankı xilas etmişdi. Belə bir hal yaşanmazsa, sözügedən banklar təhlükəli vəziyyətə düşə bilər”.

 

Teqlər