Rüsumlar kəskin şəkildə qalxdı...
Azərbaycanda Maliyyə Nazirliyi xalqın cibinə girməkdə ittiham olunur
İqtisadçı ekspert Azərbaycan hökumətini xalqın cibinə girməkdə ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, Natiq Cəfərli rüsumların artırılmasının səbəblərini Poliqon Portalına şərh edərkən bildirib ki, dövlətin göstərdiyi xidmətlərə görə rüsum artımlarına getməsi vətəndaşdan pul qazanmaq xatirinə olmamalıdır. Bu dövlətin mahiyyətinə uyğun deyil.
Ekspertin sözlərinə görə, birinci növbədə əmək haqları, maaşlar, təqaüdlər ciddi şəkildə artırılmalıydı. Buna uyğun olaraq da rüsumlarda müəyən indeksləşmə aparıla bilərdi. İndi isə rüsumlar maaşların artımından əvvəl iki dəfə artırılır, halbuki maaşlar və təqaüdlər iki dəfə atmayacaq. Eyni zamanda yəni rüsumların artırılması dolayı yolla qiymətə artımına təsir göstərə biləcək məsələdir.
Natiq Cəfərli Maliyyə Nazirliyinin açıqlamasına da öz iradını bildirib. “Nazirliyin yaydığı bir məlumatda bildirilir ki, rüsum artımlarından dövlət büdcəsinə 100 milyon əlavə vəsait daxil olacaq. Maraqlıdır, neftin qiymətinin ən yüksək səviyyədə olduğu indiki dövrdə Maliyyə nazirliyi hansı səbəbdən onsuz da ağır şəraitdə yaşayan xalqın cibinə bu şəkildə girməyi zəruri hesab edir və hökümətin bu siyasəti hansı strategiyaya hesablanıb? Atılan bu addımları Maliyyə Nazirliyinin büdcəni doldurmaq üçün xalqın cibinə girməsi kimi dəyərləndirmək lazımdır”, - deyə iqtisadçı ekspert vurğulayıb.