Ermənilər Qarabağa hərbi texnika toplayır
Yeni müharibəyə hazırlıq gedirmi?
Ermənilərin Qarabağda silah-sursat və hərbi texnika toplaması Azərbaycanda provakasiya kimi qiymətləndirilir.
SəhərAzəri-nin məlumatına əsasən, müxtəlif mənbələrdən daxil olan xəbərlərdə bildirilir ki, ermənilər Qarabağda silah-sursatlarının sayını artırırlar. Bütün bunların isə Rusiya sülhməramlılarının gözü qarşısında baş verməsi Azərbaycan ictimaiyyətini hiddətləndirir. Bəzi ekspertlər idə xəbərdarlıq edirlər ki, ermənilərin qanunsuz silahlı birləşmələrinin son 1 illik müddətdə etdikləri əməllər, törətdikləri təxribatlar deməyə əsas verir ki, qarşı tərəf revanşa, daha böyük təxribatlara hazırlaşır. Bununla bölgədəki vəziyyəti gərginləşdirməyə çalışır.
Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib ki, 10 noyabr razılaşmasına əsasən ermənilərin bütün qanunsuz silahlı dəstələri Qarabağı tərk etməli idi, halbuki hazırda onlar Qarabağa dislokasiya olunublar, fəaliyyət göstərirlər. Bu da faktdır ki, hətta kontingentin Qarabağda olması belə qanunsuz erməni silahlılarının təxribatlar törətmələrinə, atəşkəsin tez-tez pozulmasına əngəl olmadı. Hətta onların törətdikləri bu təxribatlar nəticəsində Azətbaycan ordusunun şəhidləri də oldu.
Ekspert Qərb dövlətlərini də Ermənistanın Qarabağda mövqelərini gücləndirməsində maraqlı olduqları xatırladıb. “Ermənistan özbaşına deyil, xüsusilə də Qərb hazırda Ermənistanın Qarabağda mövqelərini gücləndirməkdə maraqlıdır. Çox güman ki, sülhməramlılara müqavimət göstərmək üçün də qanunsuz erməni silahlılarına Qərbdən tapşırıqlar gəlib ki, Qarabağda vəziyyət daha da qeyri-sabit hal alsın və Qərbin də qoşunlarının bölgəyə gəlişi üçün zərurət yaransın, imkan düşsün”, - deyə Telman Qasımov qeyd edib.