Bu gün Şuşanın fəth edilməsinin ildönümü, Zəfər günüdür
Qələbədə İranın da payı olmuşdur
Noyabrın 8-i Azərbaycan Respublikasının mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərinin 28 il uzanan işğaldan azad edilməsinin ildönümüdür.
SəhərAzəri-nin məlumatına əsasən, Şuşanın azad edilməsi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş verən döyüşün ardınca reallaşdı və şəhər öz sahiblərinin ağuşuna qayıtdı, bundan cəmi bir gün sonra isə Rusiyanın vasitəçiliyi ilə atəşkəsə dair üçtərəfli razılaşma imzalandı və Ermənistan öz qoşunlarını müharibəsiz Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa razı oldu. Bu səbəbdən də Şuşa qələbəsini həqiqətən Qarabağ münaqişəsində əlamətdar bir hadisə kimi dəyərləndirmək lazımdır.
Şuşa qələbəsi təkcə Azərbaycan xalqını deyil, həm də İran İslam Respublikasını da sevindirdi. Xüsusilə də bu şanlı hadisədən düz beş gün əvvəl İranın Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei bütün torpaqların Azərbaycana qaytarılmasını tələb etməklə və işğala son qoyulması uğrunda gedən döyüşləri Azərbaycan Respublikasının haqq işi adlandırmaqla müsəlman ölkəyə dolayısı ilə dəstəyini nümayiş etdirmiş və qonşu ölkə döyüşçülərinin ruh yüksəkliyinə təkan vermişdi.
Məhz bu kontekstdə İranın Bakıdakı səfirliyi tarixi və mədəniyyət şəhəri olan Şuşanın işğaldan azad olunması münasibəti ilə dərhal Azərbaycan xalqını təbrik etdi.
Bəyanatda deyilirdi ki, tezliklə Şuşa şəhərinin tarixi məscidindən azan səsi bütün müsəlmanları və region xalqlarını sevindirəcək.
Şuşanın işğaldan azad olunmasına o vaxt bir sıra millət vəkilləri də münasibət bildirdilər.
İran İslam Şurası Məclisinin Təbrizdən olan üzvü Əhməd Əlirza Beygi Şuşanın işğaldan azad olunması münasibətilə sosial şəbəkələrdəki hesablarında yazmışdı ki, 28 il işğal altında qalan Şuşa şəhəri təcavüzkarlardan azad edilib. Şuşa şəhəri Azərbaycanın ən əhəmiyyətli məntəqəsidir və İslam dünyasının Qafqazdakı mənəvi paytaxtı hesab olunur. Buna görə də Şuşanın işğal edilməsi İslamın düşmənlərinin mühüm üstünlüyü sayılırdı, onun azad olunması isə təcavüzkarlar üçün ölümcül zərbədir.