Noy 26, 2021 11:08 Asia/Baku
  • Soçidə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşü keçirilir

Putinin təşəbbüsü ilə Soçidə üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşü keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər. Bundan öncə Kremlin noyabrın 9-na planlaşdırdığı görüş Ermənistanın baş naziri Nikol Paşinyanın imtinasından sonra baş tutmamışdı; sonra isə Azərbaycan-Ermənistan sərhəddində silahlı qarşıdurma baş verdi. Bunun ardınca tərəflər Avropa Birliyinin dekabrın 15-də Brüsseldə ikitərəfli formatda Əliyev-Paşinyan görüşü təklifini qəbul etdilər. Amma ikitərəfli əlaqələr Rusiyanı qane edə bilməzdi. Elə bu səbəbdən də Rusiya prezidenti Putin tərəflərlə, daha doğrusu Paşinyanla telefon danışığı apararaq noyabrın 26-na Soçidə üçtərəfli görüş təklif etdi və bu dəfə razılıq əldə olundu

Politoloq Ərəstun Oruclu bu qənaətdədir ki, Rusiyanı Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin və münasibətlərin qurulması heç bir halda qane edə bilməz, çünki Kremlin cənub istiqamətində siyasəti iki ölkə arasında münaqişə üzərində qurulub. Məhz o səbəbdən də Rusiya bütün vasitələrlə münaqişəni öz təsiri altında saxlamaqda davam etməyə çalışacaq.

Bunun üçün də Putin Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisəsini keçən əsrin 20-ci illərinə aid hansısa xəritələr əsanda çözməyi təklif edib. Putin bunu da bildirir ki, Rusiya üçün başqa dövlətin bu məsələyə qarışması məqbul deyil.  

Eyni fikri Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşdə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko da iddialı şəkildə səsləndirib.

Politoloq hesab edir ki, yalnız iki dövlət arasında münaqişə və mübahisələr Moskvaya müxtəlif bəhanələrlə və müxtəlif adlar altında bölgədə öz silahlı qüvvələrini yerləşdirmək imkanı verir. Hərbi güc isə geosiyasətdə həlledici faktordur.

Bununla əlaqədar Moskva üçün sərhəd münaqisəsinin onun vasitəçiliyi olmadan həlli ona görə yolverilməzdir ki, bu, iki ölkə arasında əvvəlcə münasibətlərin, ardınca da son nəticədə əməkdaşlığın qurulması ilə nəticələnə bilər. Bu, Moskva üçün mühüm geosiyasi mövqelərin itirilməsi demək olardı. Həmin səbəbdən də Rusiya sərhədlərin delimitasiyasına yalnız onun patronajı altında başlanmasında israr edir.

Amma sərhədlərin delimitasiyası on illər boyu uzana bilər ki, bu halda da Moskva problem çözülənədək mübahisəli ərazilərə öz "sülhməramlılarının" yerləşdirilməsini təklif edə bilər və yüksək ehtimalla bunu da edəcək. 

Teqlər