Hüquq müdafiəçisi Səidə Qaramanlı:
“Saleh Rüstəmov azad edilə bilər və edilməlidir"
Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı həmin qrupun üzvlərinin daxili işlər naziri Vilayət Eyvazovla görüşündə Saleh Rüstəmovun durumunun müzakirə edildiyini bildirib.
Səidə Qocamanlının sözlərinə görə, nazir hüquq müdafiəçillərində narahatlıq doğuran məsələlərlə bağlı Monitorinq Qrupu ilə dialoqa hazır olduğunu bildirib.
Ümumilikdə siyasi məhbuslar məsələsinə toxunan hüquq müdafiəçisi bildirib ki, bu gün Saleh Rüstəmovun taleyi Monitorinq Qrupunun ən böyük narahatçılığına səbəb olur.
"O, artıq 28 gündür aclıq edir. Qrupumuz noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib. Onun vəziyyəti narahatlıq doğurur. Hesab edirik ki, Birinci Qarabağ müharibəsindəki xidmətləri, Başkənd əməliyyatını həyata keçirməsi, habelə əlil oğlu olduğu nəzərə alınaraq, Saleh Rüstəmov azad edilə bilər və edilməlidir", deyə Qocamanlı bildirib.
Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Dekabrın 1-də Saleh Rüstəmova azadlıq tələbi ilə keçirilən aksiya polis repressiyasına məruz qalaraq dağıdıldı. Həmin aksiyada tutulan müxalifətçi Tofiq Yaqubluya qarşı şiddətli zorakılıq ictimaiyyətdə kəskin tənqidlərə səbəb olub.