Qarabağda mina problemi kabusa çevrilir
189 nəfər mina partlaması nəticəsində həlak olub
44 günlük müharibə başa çatdıqdan sonra mina partlaması nəticəsində 189 Azərbaycan vətəndaşı həlak olub.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Tvitter hesabında bildirib ki, 10 noyabr 2020-ci ildən indiyədək Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məqsədyönlü şəkildə basdırılmış minalar 189 azərbaycanlının (mülki və hərbi) həyatına son qoyub.
Qeyd olunur ki, bundan əlavə, 109 hərbçi və 44 mülki şəxs müxtəlif bədən xəsarətləri alıblar, bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan dövlət başçısı İlham Əliyev bir neçə dəfə vurğulayıb ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin saxtadır. Prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov də bildirib ki, təqdim edilən xəritələrin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir.
Yerli ekspertlər deyirlər ki, Ermənistan Azərbaycana saxta xəritələr təqdim etməklə beynəlxaq təşkilatların bu məsələdə təzyiqindən qurtulmağa və özünü “sülhpərvər” göstərməyə çalışır.
Həmin ekspertlərin fikrincə, “diversantların azad olunması əvəzinə mina xəritələri” prinsipindən əl çəkmək lazımdır. Diversantların təhvil verilməsi sülh sazişi tələbiylə əvəz edilməlidir. Başqa sözlə İrəvana mesajmız bu olmalıdır.
Qeyd edək ki, müharibədən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina aşkarlanıb.
Bundan əlavə, 6 min hektar ərazi mina və partlayıcı qurğulardan təmizlənib. Rəsmilər bildirirlər ki, Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur.