Saleh Rüstəmliyə
Dəstək aksiyasına imkan verilmədi aclıq aksiyasına qatıldılar-YENİLƏNİB
Dekabrın 15-də Bakıda, Fəvvarələr meydanında "Saleh Rüstəmliyə azadlıq!" tələbi ilə etiraz aksiyası keçirilməsinə cəhd edilib. Aksiyaya polis müdaxilə edib. Hüquq müdafiəçilərinin məlumatına görə, ümumilikdə, 30 nəfər saxlanılıb.
SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyev bildirib ki, polis Bakının mərkəzində razılaşdırılmamış aksiyanın qarşısını alıb.
"Cəhdin qarşısı alınıb, həmin şəxslər ərazidən çıxarılıb. Asayiş keşikçilərinin qanuni tələblərinə əməl etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra buraxılıb", Hacıyev deyib
Məlumata görə aksiya zamanı saxlanılan üç nəfər cərimə təyin edildikdən sonra buraxılıb.
Əsasən Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, həmçinin Xalq Cəbhəsi Partiyasının fəalları Kənan Zeynalov və Babək Həsənov 400 manat cərimələniblər.
Onlar "karantin rejimini pozmaqda" ittiham olunublar.
Həbsinə etiraz olaraq 40 gündür aclıq aksiyası keçirən, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova dəstək üçün dekabrın 13-dən başlayan aclıq aksiyasına qoşulanların sayı isə 7-yə çatıb.
Turan Xalq Cəbhəsi Partiyasının fəalı və keçmiş siyasi məhbus Məmməd İbrahimə istinadla isə bildirir ki, çoxları aksiyaya qoşulmaq istəyir. "Bu gün, dekabrın 15-də Müsavat və Xalq Cəbhəsi partiyalarının 30-a yaxın üzvü belə bir istəkdə olduğunu bildirib. Lakin aclıq edən Saleh Rüstəmlinin qohumunun mənzili bu sayda adam üçün çox kiçikdir. Odur ki, fəallar başqa yerdə aksiya keçirəcəklər", - İbrahim deyib.
-----------------
Bakıda Saleh Rüstəmlini müdafiə aksiyasına imkan verilmir
Turan İnformasiya Agentliyi məlumat verir ki, hal hazırda Bakıda Saleh Rüstəmlini müdafiə üçün növbəti aksiyaya cəhd göstərənlərə qarşı Polis repressive reaksiya göstərməkdədir.
Məlumata görə, Fransada yaşayan jurnalist Qənimət Zahid tərəfindən aksiya 15 dekabr günorta Fəvvarələr Meydanında təyin edilib.
"Saleh Rüstəmliyə azadlıq!", "Öldürmə, azad et!" şüarları səsləndirən adamlar meydana daxil olan kimi polis onları saxlayır.
Saat 12:10-a olan məlumata görə, 20-yə yaxın adam, o cümlədən Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmli, müxalifətçi siyasətçi Tofiq Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əvəz Hüseynov və digərləri saxlanılıb.
Saleh Rüstəmli həbsdən buraxılması tələbilə 40 gündür aclıq edir.