Saleh Rüstəmli məsələsi böyüyür
Azərbaycanda dinc etirazların dağıdılması pislənildi
Amensty İnternational Azərbaycanda dinc etirazların polis tərəfindən dağıdılmasını pisləyib.
SəhərAzəri-nin Turan İnformasiya Agentliyinə istinadla yaydığı məlumata əsasən, Amensty İnternational təşkilatının bəyanatında deyilir: "Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı repressiyalarını davam etdirir, ifadə və dinc toplaşma azadlığı hüquqlarını pozaraq dinc etirazlara sərt münasibət göstərir. Azərbaycan polisi tərəfindən dinc etirazçılara qarşı zorakılıqla həbslərə, işgəncələrə və digər pis rəftarlara son qoyulmalıdır".
Təşkilat qeyd edir ki, hakimiyyət ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməli, polisin küçədə lüzumsuz və ya həddindən artıq güc tətbiq etməsinə dair bütün halları, işgəncə və digər pis rəftar iddialarını səmərəli şəkildə araşdırmalı, saxlanılan şəxslər və şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Amnesty İnternational dekabrın 1-də siyasi fəal Saleh Rüstəmlinin azadlığı tələbi ilə Bakıda dinc etiraz aksiyasının zorakılıqla dağıdıldığını və aksiya iştirakçılarının polis tərəfindən təzyiqlərə məruz qaldığını xatırladıb.
Amnesty International həmçinin Azərbaycan hakimiyyətinin azadlıq hüququnun həyata keçirilməsini qadağan etməkdə davam etməsindən narahat olduğunu deyir.
"Bu, həm milli qanunlara, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir. Bundan başqa, təşkilat Azərbaycan hakimiyyətinin dinc etirazları məhdudlaşdırmasını əsaslandırmaq üçün pandemiya ilə bağlı qaydaları və məhdudiyyətləri özbaşına tətbiq etməyə davam edirlməsidən narahatdır".
Qeyd edək ki, dünənki aksiyada bütün saxlanılan şəxslər axşamtərəfi sərbəst buraxılıblar. Bu zaman 9 fəala İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi yəni karantin rejimini pozma ittihamı ilə pul cərimələri kəsilib.