Azərbaycan məmurları Qazaxıstan hadisələrindən ibrət alacaqlarmı?
Aslan İsmayılov: Azərbaycanda da iğtişaşlar baş verə bilər!
Azərbaycanlı vəkil Qazaxıstanda qiymət artımı ilə bağlı baş verən üsyanın Azərbaycanda da təkrarlana biləcəyini deyir.
SəhərAzəri-nin məlumatına əsasən, vəkil Aslan İsmayılov İnstaqram paylaşımında Qazaxıstan hadisələri barədə yazır: "Qiymət artımı ilə bağlı Qazaxıstanın bir bölgəsində baş qaldıran narazılıq qısa zamanda bütün ölkəni bürüdü, çoxlu sayda iğtişaşlara və dağıntılara səbəb oldu. Prezident Tokayev xalqdan üzr istədi, son qaz artımını əvvəlki vəziyyətə qaytardı və höküməti tam tərkibdə istefaya göndərdi. Əminəm ki, hadisələr bununla bitməyəcək və Qazaxıstanı daha böyük təhlükələr gözləyir. Ayağa qalxmış xalqı sakitləşdirmək heç vaxt asan olmayıb.
Aslam İsmayılov sonra Qazaxıstanla Azərbaycan arasında müqayisə aparıb. "Qazaxıstan bizimlə oxşar millət olmaqla yanaşı həm də oxşar idarəetmə üsul idarəsinə malikdir. Orada da hakimiyyət xalqın real maddi vəziyyətini nəzərə almadan istədiyi addımları atırdı və hesab edirdi ki, belə də davam edəcək. Hakimiyyət Azərbaycanda vəziyyətin Qazaxıstandan da mürəkkəb olduğunu anlamalı və son qiymət artımları ilə bağlı önləyici tədbirlərini görməlidir."
Vəkil xəbərdarlıq edir ki, Azərbaycanda baş verəcək xalq narazılığı heç də Qazaxıstandakı kimi bitməyəcək və daha ağır fəsadları olacaq. Qazaxıstanda vəziyyəti pisləşməsində bir qonşu dövlət maraqlı idisə Vətən Müharibəsindən sonra Azərbaycanı zəif görmək istəyən dövlətlərin sayı hesabı yoxdur. Bura Azərbaycanın Qazaxıstandan fərqli olaraq etnik tərkibin daha da mürəkkəb olduğunu nəzərə alsaq təhlükənin miqyasını görmək olar.
Aslan İsmayılov sonda prezident İlham Əliyevə müraciət edərək yazır: "Xarici əlaqələr, xüsusilə Qarabağ problemi ilə məşğul olub bütün ölkəni Nazirlər Kabinetinə etibar edən ölkə Prezidenti bu problemlə birbaşa məşğul olmalıdır. Çünki, Nazirlər Kabineti üzvlərinin xalqın problemindən çox öz şəxsi biznesləri, problemləri ilə məşğul olması göz qabağındadır."