Yan 13, 2022 09:01 Asia/Baku

Azərbaycan Respublikasının prezidenti ölkədə çörəyin bahalaşmasına münasibət bildirib, iqtisadçı ekspertlər isə ölkə başçısının izahatından qane olmayıb subsidiyaların davam etməli olduğunu deyirlər.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib: "Çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın."

Azərbaycan dövlət başçısı sonra un və çörəyin bahalaşmasının qarşılığı olaraq sosial paketin həyata həyata keçirildiyini qeyd edib. "Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir”, -deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək qiymətlərinin dəyişdirilməsi barədə bildirib ki, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb.

Bu qərar ölkhə əhalisi və ekspertlər tərəfindən narazılıqla qarşılanıb. Bildirilir ki, məişət problemlərinin üst-üstə yığıldığı bir vaxtda bu addım atılmamalı və subsidiyaların tətbiqi davam etməli idi. 

Teqlər