Qondarma rejimin qərarı Azərbaycanda hiddətlə qarşılanır
Qarabağdakı separatçılar ərazi iddiası ilə çıxış edirlər
Qarabağdakı qondarma rejimin fevralın 20-də qəbul edəcəyi “qanun layihəsi” siyasi zəmində çox böyük təpki ilə qarşılanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qondarma Dağlıq Qarabağ Respublikası “parlament”inin qəbul edəcəyi “qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Şuşa, Hadrut və digərləri də daxil ediləcək.
Xatırladaq ki, separatçı rejimin “Xarici İşlər naziri” David Babayan ötən həftə bildirib ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Getaşen”i məlum “qanuna” daxil etməyi planlaşdırırlar.
Yenisabah portalına danışan “Atlas Araşdırmalar Mərkəzi”nin sədri, siyasi şərhçi Elxan Şahinoğlu məsələyə belə yanaşıb:
“Onlar öz “mövcudluqlarını” sübut etməyə çalışırlar ki, guya hələ varlar, təslim olmayıblar və fəaliyyətlərinə davam edirlər. Amma mümkün deyil, çünki Azərbaycan hədəflərinin 80%-nə çatıb, ərazilərin böyük hissəsi azad edilib. Lakin hələ də işğal altında olan ərazilər var və o əraziləri də azad etməliyik.”
Politoloq sonra deyib: “Rusiyalı hərbçilər var deyə özlərini “qəhrəman” kimi hiss edirlər və düşünürlər ki, onlar təhlükəsizlikdədirlər. Amma anlamalıdırlar ki, uzaqbaşı 4 il təhlükəsiz yaşaya bilərlər. 10 noyabr bəyanatına görə, rusiyalı sülhməramlılar 5 il bölgədə olacaq və tərəflərdən biri 6 ay qalmış desə ki, artıq rusiyalı hərbçilərə ehtiyac yoxdur, bu zaman rusiyalı hərbçilər bölgəni tərk edəcək.”
Elxan Şahinoğlu hesab edir ki, Müdafiə Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyinin də çox kəskin bəyanatları olmalıdır. Separatçılar tərksilah olunmalı, keçmişdə azərbaycanlıların yaşadığı məntəqələr, Şuşanın kəndləri, eləcə də Xocalı qəsəbəsi boşaldılmalıdır.