Fev 14, 2022 09:25 Asia/Baku

Sabiq təhlükəsizlik zabiti bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti - DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu.

SəhərAzəri-nin məlumatına əsasən, İlham İsmayıl moderator.az saytı ilə müsahibədə deyib: “Müdafiə Nazirliyinə ayrılan vəsait əsasən dövlətin müdafiə qabiliyyətini möhkəmlətməsini təmin edir, amma zaman -zaman MN-də maliyyə maxinasiyaları, korrupsiya faktları, ayrı-ayrı yüksək çinli zabitlərin var-dövləti və zəngin həyat tərzi, biznesləri və sairə qanunsuz hərəkətləri barədə mediada yayılan xəbərlər, bu qurumda heç də proseslərin şəffaf olmadığına şübhələr yaradırdı. Ona görə də də, baş verən qanunsuzluğun aşkar edilməsi xüsusi xidmət orqanının MN-in maliyyə sektorunda apardığı uğurlu əməliyyat kimi dəyərləndirilməlidir."

Onun sözlərinə görə, Orduda küllü miqdarda maliyyə maxinasiyaları, fırıldaqları ilə məşğul olan səlahiyyətli şəxsləri aşkar etməklə, təhlükəsizlik qüvvələri Azərbaycan Ordusuna və xalqına yeni töhfə vermiş oldu. İlkin məlumatlara əsaslansaq, görünən odur ki, söhbət kifayət dərəcədə böyük miqdarların mənimsənilməsindən gedir. Ona görə də, istintaqın gedişində mümkündür ki, cinayətdə şübhəli bilinərək tutulan şəxslərin siyahısına yeniləri- daha yüksək vəzifəliləri əlavə olunsun, çünki mənimsənilən rəqəmlər böyükdür.

İlham İsmayıl qeyd edib ki, Azərbaycan Ordusunda korrupsiya, mənimsəmə, maliyyə maxinasiyalarının aşkarlanması, MN-də təmizləmə aparılması, həm də ölkə rəhbərliyinin ortaya qoyduğu siyasi iradənin nəticəsi kimi dəyərləndirilməlidir. 

Xatırladaq ki, Azərbaycan xüsusi xidmət orqanı əməliyyat keçirərək Müdafiə Nazirliyində maliyyə fırıldaqları aşkar etmiş və milyonlrala vəsaitin mənimsənilməsi faktı ilə dörd yüksək rütbəli zabiti saxlanılaraq hərbi məhkəmənin qərarı ilə həbs edilmişlər.

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Teqlər