Köhnə komandanın nüfuzlu üzvü AMEA sədri vəzifəsindən istefa verib
Ramiz Mehdiyev erası bitdi
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti ona qarşı başladılmış kampaniyaya tab gətirməyib istefa verdi.
SəhərAzəri-nin məlumatına əsasən, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.
Ölkə başçısının Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: “Cənab prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər”.
Sonra AMEA prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
Ramiz Mehdiyevin Akademiyadan ayrılmasından az sonra AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirovun saxlanıldığı xəbəri yayılıb.
E.Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
Qeyd edək ki, E.Əmirov bu gün AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur.
Xatırladaq ki, son günlər Prezident Administraskiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı ayrı-ayrı tanınmış elm adamlarının və Milli Məclisin bir sıra üzvlərinin ölkə rəhbərliyinə çağırışda bulunması AMEA ətrafında cərəyan edən olayları kuliminasiya nöqtəsinə çatdırdı. Onlar Milli Elmlər Akademiyasının prezidentini intriqaçılıqda, elmi mühiti korlamaqda ittiham edirdilər. R.Mehdiyev isə onu istefaya səsləyənlər haqda ağır ifadələr işlədərək, deputatların saxta yolla seçildiklərini iddia etmişdi.