Ramiz Mehdiyevin getməsi nəyi dəyişəcək?
Siyasətçilər AMEA sədrinin istefasını şərh edirlər
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının sədri vəzifəsindən ayrılması geniş müzakirələrə səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Turan Xəbər Agentliyinə bildirib ki, Cəmiyyətin bütün seqmentləri Ramiz Mehdiyev amilinə tənqidli mövqe göstərib. Bu heç kəsin günahı deyil, bu özünün əməllərindən doğan yanaşmalardır.
Onun fikrincə, R.Mehdiyev baş vermiş hadisələrdən nəticə çıxarmalı və hər bir halda bu kitablarda Azərbaycan dövlətçiliyinə təhlükə törədə biləcək fikirlərdən uzaq olmalıdır.
Elmin inkişafına gəlincə, komitə üzvü bildirib ki, son iki ayda Milli Elmlər Akademiyasında çox ciddi problemlərin, qanun pozuntuların olması ortaya çıxdı. «Elmlər Akademiyasına gənclərin gəlişi yasaqlanıb, alimlər onlara göstərilən münasibətə görə küsüb, gedib».
Siyasi şərhçisi Ərəstun Oruclu isə Ramiz Mehdiyevin getməsilə ölkədə hər hansısa əsaslı dəyişikliklərin olacağını düşünmür. «Ona görə ki, burada fərdlərdən söhbət getmir, söhbət sistemdən gedir». O, Turana bildirib ki, ölkədə siyasi sistemin normal bir sistem olması üçün bir neçə amil var. «Ən başlıcası qanunun aliliyi. O, təmin olunmayacaqsa, heç bir dəyişiklik olmayacaq».
Ekspertin fikrincə ölkədə demokratik şərait yoxdur və bunun olması əsaslı dəyişiliklər üçün çox zəruridir.
Elmə gəlincə, Ə.Oruclu qeyd edib ki, Akademiyanın aparıcı fiqurların böyük bir hissəsi nəyinki o vəzifələri tutmağa, heç alim adını daşımağa layiq deyillər.
Politoloq hesab edir ki, elm üçün indiki şəraitdə böyük vəsaitlər lazımdır. Halbuki dövlət büdcəsindən bu vəsaitlər ayırılmır, ayrılanda da bir hissəsi mənimsənilir.
O, vurğulayıb ki, elmin inkişafı üçün təhsil bazası möhkəmləndirilməlidir. Təhsil isə Azərbaycanda addım-addım geriyə gedir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti fevralın 14-də yaşı ilə əlaqədar bu qurumdakı postunu tərk etməyə qərar verib.
Ramiz Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmışdı.