Ramiz Mehdiyevin istefası qəbul edilib
Son vaxtlar genişmiqyaslı tənqidlərin hədəfinə çevrilərək istefa vermək məcburiyyətində qalan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefası qəbul olunub.
SəhərAzəri-nin məlumatına əsasən,bu gün AMEA-nın Ümumi yığıncağında Ramiz Mehdiyevin istefası qəbul edilərək həmçinin AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.
Akademiyanın yeni prezidenti növbəti Ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın bu ilin aprel ayında keçirilməsi gözlənilir.
Ramiz Mehdiyev fevralın 14-də AMEA prezidentliyindən istefa verib.
O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib.
"Unikal"a açıqlamasında isə Ramiz Mehdiyev demişdi ki, yaşla əlaqədar bu addımı atıb.
Ramiz Mehdiyevin istefasından bir gün sonra AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldi. Eldar Əmirov R.Mehdiyevin köməkçisi idi və onun baldızı oğlu da olduğu deyilir.