Rusiyaya qarşı sanksiyaların Azərbaycana mümkün təsirləri
Ukrayna böhranı ilə bağlı Amerika və Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmələri nəticəsində rublun məzənnəsi getdikcə aşağı düşməyə, Rusiya iri şirkətlərinin səhmləri ucuzluşmağa başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Turan xəbər agentliyi yazır: Azərbaycandan Rusiyaya işləməyə gedən, öz biznesi olan şəxslər az deyil. Müharibə davam etdikcə və hər iki ölkənin milli valyutası dəyər itirdikcə Azərbaycana ciddi işsiz ordusu gələ bilərmi? Bunun ölkənin məşğulluq bazarına nə kimi təsirləri olar?
2021-ci ildə Rusiya Federasiyasının MDB ölkələrinə pulköçürmə sistemləri vasitəsilə fiziki şəxslərin köçürmələrinin həcmi 2020-ci illə müqayisədə 22,3 faiz artaraq 6,2 milyard ABŞ dollarından 7,6 milyard dollara çatıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin ilk 6 ay ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 120 milyon dollara yaxın vəsait köçürüb. Bu, ötən dövrlə müqayisədə 25,9 faiz çoxdur.
İqtisadçı Natiq Cəfərli 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qoyulan sanksiyaların nəticəsində rublun kəskin ucuzlaşmasını yada salaraq deyib: « O zaman Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı. Bu köçürmələr əsasən Azərbaycan regionlarında əhalinin sosial vəziyyətinə müsbət təsir edən amildir. Sanki Azərbaycanın sosial yükünün bir hissəsini Rusiyadan gələn vəsait ödəyirdi».
Ekspertin sözlərinə görə, indi də rublun məzənnəsinin aşağı düşməsi eyni təsir göstərir: «Çünki orada yaşayan soydaşlarımız rublla pul qazanırlar və rubl ucuzlaşdıqca onların qazancları da azalır. Yəni, Rusiyadan Azərbaycana vəsait köçürmələri kəskin azalacaq».
Onun fikrincə, Rusiyada iqtisadi vəziyyət pisləşsə də, orada işləyən azərbaycanlılar kütləvi şəkildə ölkəyə qayıtmayacaq: «Azərbaycanda da iş yerlərilə bağlı ciddi problemlər, biznes fəaliyyətilə bağlı məhdudiyyətlər var. Rusiya bazarı isə daha böyükdür və istər-istəməz bir yerdə iş itirəndə digər yerdə onu tapmaq ehtimalı daha çoxdur. Ona görə də miqrantların kütləvi şəkildə geri qayıtmasını gözləmirəm».