İranlı nazir Azərbaycana səfər edib
İranla Azərbaycan arasında tranzit əlaqələri inkişaf etdirilir
İran İslam Respublikasının yol və şəhərsalma naziri Azərbaycanda işgüzar səfərdədir.
SəhərAzəri-nin məlumatına əsasən, Rüstəm Qasiminin rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb.
Səfər çərçivəsində R.Qasiminin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb, Culfa sərhəd terminalı, Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olub.
İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək. Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd imzalanacaq.
Azərbaycan Respublikasına səfərinin davamında İranın yol və şəhərsalma naziri cümə axşamı İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün Bakıya gəlib.
Qasimi orada avtomobil daşımaları sahəsində əməkdaşlıq və Naxçıvan-Məşhəd sərnişin qatarının yenidən işə salınması məsələlərini müzakirə edəcək.
Nazir həmçinin İran Air aviaşirkətinin və İranın digər aviasiya şirkətlərinin Azərbaycana reyslərinin bərpa edilməsi və artırılması məsələsini müzakirə etməyi planlaşdırır.