İranlı heyət İlham Əliyevlə görüşüb
İranın yol və şəhərsalma naziri Bakıda Azərbaycan Respublikası prezidenti ilə görüşüb.
SəhərAzəri-nin Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, , Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.
Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edildi. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulanıb. Bu, dostluq əlaqələrinin təzahürü kimi dəyərləndirilib və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olunub. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edilib. Vurğulandı ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.
Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm iki ölkə, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirilib. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.