Münasibətlərin 30 illiyi münasibəti ilə
İlham Əliyev İran prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə iki ölkə arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, məktubda deyilir: Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir.Məktubda əlaqələrin bu gün yüksək səviyyədə olmasının son otuz illik birgə fəaliyyətin nəticəsi olduğu bildirilir: “Bu illər ərzində çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik inkişafında mühüm rol oynamışdır”, - deyə məktubda bildirilir.
Bu gün qarşılıqlı faydalı əməkdaşlıqların daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin yarandığını vurğulayan Azərbaycan Respublikası prezidenti Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra sərhəyanı ərazilərdə yaranmış duruma diqqət çəkib: “Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır.”
İlham Əliyev İran ərazisindən Naxçıvanı Azərbaycanın əsas hissəsinə birləşdirən yeni kommunikasiya layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb: “ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm”, - deyə təbrik mətubunda bildirilir.
Azərbaycan Respublikası prezidenti bir daha İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində abadlıq layihələrində iştirakına təkid edib: “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq”, - məktubda deyilir.