İlham Əliyev Ukrayna müharibəsinə eyham vurub
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşündə Rusiyanın Ukrayna şəhərlərini hədəfə almasına eyham vurub.
SəhərAzəri-nin məlumatına əsasən, prezident İlham Əliyev Azərbaycan Respublikasının 44 günlük müharibədə bütün müharibə qanunlarına sadiq qaldığını vurğulayıb: “Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq”, - deyə İlham Əliyev bildirib.
Azərbaycan Respublikası prezidenti 44 günlük müharibədə mülkinin hədəfə alınmamasını dolayısı ilə Rusiyanın Ukrayanaya qarşı müharibəsi ilə müqayisə edib: “Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür”, -deyə İlham Əliyev Ukraynada gedən müharibəyə eyham vurub.