ABŞ-dan Qarabağ separatçılarına növbəti qayğıkeşlik
Cümə axşamı Vaşinqton Ermənistanla Azərbaycanı Qarabağda vəziyyətin dərhal deeskalasiyası üçün birbaşa kanallardan istifadə etməyə çağırıb.
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata görə, 30 il müddətində 1 milyon azərbaycanlının ilkin məişət imkanlarından məhrum olmasına bir dəfə də olsun münasibət bildirməyən Amerika Birləşmiş Ştatları Xankəndindəki ermənilərin qazsız qalmasından narahat olduğunu dərhal dilə gətirib: "ABŞ qaz təchizatındakı fasilələrdən və Azərbaycan qoşunlarının yerdəyişməsindən çox narahatdır", - Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bölməsinin Tvitterdəki məlumatında deyilir.
Bundan öncə dövlət katibinin köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla söhbət edib.
Dövlət Departamenti zəngləri "vacib" kimi xarakterizə edib. Başqa təfərrüatlar açıqlanmayıb.
Son günlər mətbuatda, sosial şəbəkələrdə Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib ki, bütün bölgələrdə olduğu kimi bu bölgənin də təbii qazla təmin olunması vacibdir.
O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu qeyd edib. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və Azəriqaz İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır. Ermənilərin dünya ictimaiyyətini bu məsələ yönəltməsində məkirli səbəblərin olduğunu KİV nümayəndələrinin diqqətinə çatdırıb.