Rusiya Qarabağda vəziyyəti nəzarətdə saxlayır
Putin Əliyev və Paşinyanla telefonla danışıb
Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
SəhərAzəri-nin məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat bildirib.
Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həllinə diqqət yetirilib. "9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl yerinə yetirilməsinin vacibliyi təsdiqlənib. Gələcək təmaslar barədə razılığa gəlinib",- Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, Rusiya prezidenti Əliyev və Paşinyanla aprelin 6-da Brüsseldə keçiriləcək görüş ərəfəsində danışıb. Görüş Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq.
Qeyd edək ki, Brüssel sammiti ərəfəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdə Paşinyanla qarşıdan gələn müzakirələrinin məhsuldar olacağına ümid etdiyini bildirib. "Artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Çünki münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək", - deyə İlham Əliyev vurğulayıb.