Rus siyasətçi Qarabağda baş verən yeni olaylardan danışdı
"Azərbaycan Rusiyanın Ukrayna hadisələri ilə məşğul olmasından istifadə edir"
Rusiya Dövlət Dumasının keçmiş üzvü iddia edib ki, Azərbaycan Rusiyanın Ukrayna hadisələri ilə məşğul olmasından öz xeyrinə istifadə etməyə çalışır.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Liberal-Demokrat Partiyası Ali Şurasının üzvü Aleksandr Şerin bu barədə deyib: "Bu, bir müddət əlverişli anı gözləyən tərəfdaşların “normal” davranışıdır, ancaq onlar yanılırlar ki, bu gün Rusiya öz silahlı qüvvələri və resursları ilə məşğuldur. Rusiya Federasiyasının isə müxtəlif sərhəd bölgələrində müşahidə oluna biləcək bütün çağırış və təhdidlərə adekvat cavab vermək üçün kifayət qədər qüvvə və vasitələri var."
Rusiyalı siyasətçi qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra hər bir respublika öz yolunu seçdi. Ermənistan KTMT üzvüdür, Azərbaycan KTMT-yə daxil olmadı, üstəlik, NATO üzvü Türkiyə ilə müttəfiqlik haqda ikitərəfli müqavilələr imzaladı. Türkiyə heç vaxt Rusiya üçün dost dövlət olmayıb, olmayacaq da. Ona görə də Türkiyə ilə hərbi ittifaqda olan heç bir dövlət bizim dostumuz ola bilməz. Gec-tez bu baş verəcək. Maraqlar toqquşması olduqda isə, müvafiq olaraq, Azərbaycan açıq şəkildə bildirir ki, Rusiya sülhməramlılarının Qarabağ ərazisində olmasını nəzərə almaq fikrində deyil. Biz Sovet İttifaqının milli siyasətinin nəticələrini alırıq. Və öz növbəsində, Rusiya Federasiyası bütün bu məsələləri əvvəldən kökündən silməlidir… Türkiyə Azərbaycanın tərəfində olanda da, yəqin ki, Rusiya Ermənistanın tərəfindən daha qətiyyətlə çıxış etməli idi. Belə olan halda, bu gün çoxlu suallar yaranmaya bilərdi. Ukrayna da özünü göstərməyə çalışdı, amma indi nə baş verdiyini görürük. Biz hamını sakitləşdirəcəyik, həmişə nizam-intizam yaradacağıq” – deyə siyasətçi yekunlaşdırıb.
Onun ifadəsinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaya biləcəyi ilə bağlı qorxular əsassız deyil. “Həqiqətən də Azərbaycan tərəfinin bizim baxışlarımızın, silahlı qüvvələrimizin, bütün xarici siyasət strukturlarımızın Ukraynadakı hadisələrə yönəlməsindən istifadə etmək cəhdlərini görürük. Amma bu vəziyyətdə, məncə, Ermənistanın KTMT üzvü kimi Rusiya Federasiyasına müraciət etmək hüququ var. KTMT üzvü olan Rusiyanın Ermənistanla bağlı hüquq və səlahiyyətləri var. Və vəziyyət belə həyəcanverici həddə çatarsa, yəqin ki, ermənilərin Rusiyaya hərbi-texniki yardım üçün rəsmi müraciət etmək imkanı və hüququ olacaq ki, indiyə qədər bunu etməmişlər.
Aleksandr Şerin sonda deyib: "Əgər Azərbaycan tərəfi Rusiyanın Ukraynadakı fəaliyyətində müəyyən zəiflik görübsə, deməli, bu, çox aldadıcı təəssüratdır. Üstəlik, burada vəziyyətlər çox fərqlidir. Bir halda Rusiya Ukrayna xalqına öz vətəndaşı kimi yanaşır və mülki əhalinin itkisini minimuma endirməyə çalışır. Və əgər Ermənistan ordusunun Rusiya silahlarının köməyi ilə etdiyi hərəkətlərdən danışırıqsa, o zaman hesab edirəm ki, Ermənistan ordusunun öz prinsipləri və taktikası var. Deyək ki, Ermənistan Rusiyadan təkcə hərbi-texniki yardım istəməyib və almaqla kifayətlənməyib ki, bu da hadisələrin gedişatını kökündən dəyişə bilər".